"New York Times"dan Camal Qaşıqçı ilə bağlı sərt ittihamlar

ABŞ-ın NY Times qəzeti bir il əvvəl öldürülən jurnalist Camal Qaşıqçı barədə məqalə yayımlayıb.

LOBBI.Az xəbər verir ki, yazıda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın qətl barədə xəbərdar olduğu iddia edilib. Yazıda vəliəhd şahzadəyə dəstək verən ABŞ prezidenti Donald Tramp da tənqid edilib:

"Tramp ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA), BMT, Türkiyə Prokurorluğu, ABŞ Konqresinin Qaşıqçı cinayətində Məhəmməd bin Salmanı ittiham etməsinə məhəl qoymadı. O, Səudiyyəyə silah satışı, İranla Yaxın Şərqdə müharibə, neft ehtiyatlarını sığortalamaq, Yaxın Şərqdə sülh planını reallaşdırmaq üçün baş verənlərə göz yumdu".

NY Times İstanbulda yerləşən Səudiyyə konsulluğunda qətlə yetirilən jurnalistin ölümünün mətbuat azadlığı ilə bağlı məsələləri gündəmə gətirdiyini bildirib. Qəzet "Cinayətlə əlaqədar yalanlar Qaşıqçının mövqeyini ictimaiyyət qarşısında daha da gücləndirdi, avtokratik rejim barədə ittihamları haqlı çıxardı, mətbuat azadlığını müdafiə etmək üçün ictimai hərəkata təkan verdi. Heç bir fakt Qaşıqçının ölümünə haqq qazandıra bilməz. Vəliəhd şahzadənin qəddarlığı göz önündədir. İnsan haqlarına və mətbuat azadlığına dəyər verən təşkilatlar gələcəkdə daha anlayışlı ABŞ rəhbərliyi ilə Qaşıqçını xatırlamaq və Səudiyyədə siyasi islahatlar üçün çalışacaq" , - deyə bildirib.

LOBBI.Az

Xəbər lenti