İzmir Yaşar Universitetinin professoru: "Azərbaycanlı məktəblilərin də Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal ala biləcəklərinə inanıram "

İzmir Yaşar Universitetinin professoru:

"Sovet təhsil sistemi mükəmməl deyildi”

"Azərbaycanda tətbiq edilən test üsulu çox uğurludur"

"Azərbaycanda qəbul imtahanlarından minmum bal toplaya bilməyən abituriyentlərin Türkiyədə atestat qiymətləri ilə təhsil alması düzgün deyil"

"Azərbaycan telekanalları Türkiyədə yayımlanmadığından yeniliklərdən xəbər tuta bilmirik"

"Əfsanə yaratmağı sevən milletik”

"Azərbaycandan sosial şəbəkələr vasitəsilə xəbər tutmağa çalışsaq da, paylaşılanlar bəzən reallığı əks etdirmir"

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin məzunu, hazırda İzmir Yaşar Universitetinin professoru Rəfail Əlizadənin "Report"un Türkiyə bürosuna müsahibəsi.

- Gəlin bir az keçmişə nəzər salaq. Harda doğulmusunuz, uşaqlığınız necə keçib, harda təhsil almısınız?

- Ata və ana tərəfim 1930-cu illərdə Qazaxıstana sürgün edilən ailələrdən olub. Ana babam var-dövləti ilə birlikdə kolxoza qatılıb. 1970-ci illərə qədər Cəbrayıl rayonunun Şükürbəyli kəndinin xəstəxanası və məktəbi ana babam Kərbəlayı Cavadın mülklərində yerləşirdi. Babalarımızdan bizə miras, var-dövlət qalmamışdı, ancaq daha mühüm xüsusiyyətləri içimizdə daşıyırdıq. Bunlar zəhmətkeşlik və gözütoxluq idi.

Atam təvazökar insan idi və özü haqqında danışmağı sevməzdi (bu mənada mən atama çəkməmişəmJ). II Dünya müharibəsindəki şücaətləri barəsində də bir neçə il əvvəl Rusiya arxivlərindən öyrəndik. Əmim deyirdi ki, atam Qazaxıstanda orta məktəbdə oxuyarkən üç nəfərlik partada ortada otururmuş. Riyaziyyat imtahanlarında əvvəlcə yanındakıların suallarını cavablandırırmış, daha sonra öz tapşırığını həll edərmiş. Müharibədən qayıtdıqdan sonra Cəbrayıl rayonu mərkəzində və bir neçə kənddə mühasib kimi işləyib, daha sonra isə texnikumda qiyabi təhsil alıb. Atamı çox tez, 47 yaşında itirdik. Onun vəfatından sonra Cəbrayılda qarşılaşdığım ali təhsilli mühasiblər məsləklərini atamdan öyrəndiklərini deyirdilər. Anama gəlincə, həyatımda onun qədər zəkanı, fədakarlığı və cəsarəti özündə birləşdirən başqa bir qadın görmədim desəm mübaliğə olmaz. Biz ailədə 7 uşaq olmuşuq. Atam vəfat etdiyində ən böyüyümüzün 18 yaşı vardı. Anamın fədakar əməyi və yaratdığı nizam-intizam sayəsində maddi sıxıntı hiss etmədən hamımız istədiyimiz şəhərdə, istədiyimiz ali təhsil ocağında təhsil aldıq: iqtisadçı, riyaziyyatçı, həkim, hüquqşunas, mədəniyyət işçisi olduq. Siz də yəgin ki razılaşarsınız ki, eynı zamanda Moskvada, Kiyevdə və Bakıda tələbə oxutdurmaq hər ailə başçısının bacaracağı iş deyil. 


Mən 1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşam. Uşaqlığımın bir hissəsi Alıkeyxalı kəndində - babam və nənəmin yanında keçib. Babam məni övladlığa götürmüşdü. Orta təhsilimi Cəbrayıl şəhər Maksim Qorki (indiki M.Mehdizadə) adına orta məktəbdə aldım. Təəssüflər olsun ki, indi düşmən işğalı altında olan həmin yerləri, demək olar, hər gecə yuxularımdada görürəm. Əslində, illər sürətlə keçsə də, ümidimi itirmirəm və bir gün doğma yurduma dönə biləcəyimə inanıram.

Cəbrayılla bağlı çox gözəl xatirələrim var. Hər bir qarabağlı kimi mənim də musiqiyə böyük həvəsim vardı. Tar çalırdım, məktəbimizin xalq çalğı alətləri ansamblının kosertmeysteri idim. Əslində, riyaziyyat fənninin həyatımda xüsusi yer tutması da həmin illərdə başladı. Məndən yuxarı sinifdə oxuyan və qonşumuz olan dostum Valeriy Məmmədov sayəsində nəşr həyatına yenicə qədəm qoyan "Kvant” jurnalını oxumağa başladım. Jurnaldakı riyazi məsələləri həll edib redaksiyaya göndərirdim. Məsələləri düzgün həll edənlərin adları hər ay jurnalda dərc olunurdu, il sonunda bunlar yekunlaşdırılaraq müsabiqə qalibləri müəyyən olunurdu. 1972 və 1973-cü illərdə "Kvant" jurnalının keçirdiyi müsabiqənin qaliblərindən oldum. Əslində 1971-ci ildə də "Azərbaycan pioneri" qəzetinin keçirdiyi qiyabi olimpiadanın qaliblərindən olmuşdum və beləcə rayon turunu atlayaraq üç dəfə respublika riyaziyyat olimpiadasında iştirak etdim, bir dəfə birinci, iki dəfə də ikinci yeri tutdum.

1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Mexanika-riyaziyyat fakültəsinə qəbul olundum. Orta yaşlı və yaşlı insanların əksəriyyəti sovet təhsil sisteminin mükəmməl olduğunu, sağlam kadrlar yetişdirdiyini deyirlər. Hesab edirəm ki, bir çox yüksək səviyyəli ali məktəblər, doğrudan da, sağlam kadrlar yetişdirirdi. Ancaq rəqabət mühiti olmadığından dərsliklərin çoxu pedaqoji baxımdan yaxşı yazılmırdı, dərslər də hər zaman keyfiyyətli keçirilmirdi. O vaxtlar M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Moskva Fiziki-Texniki İnstitutda (MFTİ) qəbul imtahanları başqa ali məktəblərdən fərqli olaraq bir ay əvvəl keçirilirdi (səhv etmirəmsə, indi də belədir). Ona görə də, demək olar ki, SSRİ-dəki məktəblərin ən savadlı şagirdləri bu ali məktəblərə qəbul olunurdular. Ancaq bununla belə, universitetdə onların taleyi tamamilə dəyişirdi. Tələbələr imtahanlardan kəsilir, ali məktəbə qəbul olanların çox az hissəsi vaxtında məzun ola bilirdi. 1960-70-ci illərdə qızıl dövrünü yaşayan MDU-nun Mexanika-riyaziyyat fakültəsində Andrey Kolmoqorov, Andrey Markov, İsrael Gelfand, Vladimir Arnold, Sergey Novikov kimi məşhur riyaziyyatçılar dərslərimizə girsə də, onların hamısı tələbələrə eyni pedaqoji həssaslığı göstərmirdi. Nəticədə tələbələr arasında intihar hadisələri, universitetdən qovulmamaq üçün özünü ruhi xəstə kimi göstərənlər olurdu. Hətta həmin dövrdə Moskvadakı Kaşenko adına Psixiatriya Xəstəxanasını zarafatla Mexanika-riyaziyyat fakültəsinin filialı da adlandırırdılar. Doğrudan da, bu səhiyyə ocağında əziyyətlərə tab gətirməyib ruhi sarsıntı keçirən tələbələr də var idi. Mən də rusca kifayət qədər bilmədiyim üçün tarix, fəlsəfə kimi ictimai dərslərdə çox çətinlik çəkdim, amma ətrafımda çox azərbaycanlı olmadığı üçün (kursumuzda bir Azərbaycanlı vardı, o da azərbaycanca yaxşı bilmirdi J) rus dilini tez öyrəndim, sonradan rus klassiklərini oxuyaraq (məsələn, Dostoyevskinin 10 cildlik seçilmiş əsərlərini başdan sona qədər oxudum) rus dili bilgimi daha da dərinləşdirdim. Təəssüf ki eyni şeyi türkcə haqqında deyə bilmərəm. Hal hazırda türkcə danışarkən Azərbaycanlılara xas olan şivəm demək olar ki, hiss olunmasa da, türkcə çox roman oxumağa fürsət tapa bilmədiyim üçün bu dili dərindən öyrənə bilmədim. 1978-ci ildə MDU-nu bitirərək ölkəyə qayıtdım və AMEA-nın Riyaziyyat və Mexanika İnsititutunda işə başladım. Daha sonra Moskvaya geri döndüm və 1986-cı ildə namizədlik dissertasiyasını müdafiə etdim.1990-1993-cü illərdə isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində işlədim.

Bəs necə oldu Türkiyəyə gəldiniz?

- Sovet İttifaqı dağıldıqdan sonra elm adamlarına (xüsusilə nəzəri elmlərlə məşğul olanlar) xarici ölkələrdə daha gözəl şəraitdə tədqiqat aparmaq imkanı yarandı. Həmin illərdə Azərbaycanın əksər elm adamları ölkəmizə hər baxımdan yaxın və doğma olan Türkiyəyə gəlirdilər. Bu gün Türkiyənin, demək olar ki, bütün universitetlərində Azərbaycandan gəlmiş bir riyaziyyatçı və ya onların şagirdləri var. Həmin illərdə Azərbaycanda məişət problemlərindən başı açılmayan alimlər burada özlərini tamamilə elmə və təhsilə həsr etmək imkanı qazandılar. Doğrusu, bir qədər zəif riyaziyyatçı olduğunu düşündüyüm bəzi həmvətənlərimizin belə xaricə getdikdən sonra ciddi araşdırmalarını ortaya çıxarması məni çox sevindirir.

Mən 1993-cü ildə Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) dəstəyi ilə üç ay müddətində Trabzonda - Qaradəniz Texniki Universitetində çalışdım. Bu müddət ərzində universitetdə dostum professor Ali Pancarla birlikdə "Modul və halqa nəzəriyyəsi” mövzusunda riyazi araşdırmalara başladıq. Sonradan Ali bəy və onun tələbələri bu araşdırmaları Samsundakı 19 Mayıs Universitetində, Amasya Universitetində və digər ali məktəblərdə davam etdirdi. 1994-cü ildə isə İzmirdə - Dokkuz Eylül Universitetində çalışmağa başladım və 7 il burada işlədim. Pakistan, İngiltərə də daxil olmaqla, dünyanın bir çox ölkəsindən həm bakalavr, həm magistr, həm də doktorantura təhsili alan tələbələrim vardı. 2000-ci ildə Dokkuz Eylül Universitetinin rektoru dəyişdi, yeni gələn də erməni olduğundan ali məktəbdə işləyən bir çox azərbaycanlı professorun müqaviləsinə son verildi. Təbii ki, onların sırasında mən də vardım. Daha sonra fəaliyyətimi İzmir Yüksək Texnoloji İnstitutunda davam etdirdim. Bu elm ocağında da on il müddətində çox istedadlı, savadlı riyaziyyatçılar yetişdirdik. 2010-cu ildən isə İzmir Yaşar Universitetində fəaliyyətimi davam etdirirəm. 19 ildir ki, Türkiyədə dərc olunan "Matematik Dünyası" populyar jurnalının "Problemlər və çözümlər" guşəsinin aparıcısıyam. Buraya bəzən Azərbaycandan da dərç olunmaq üçün orijinal məsələ və ya dərç olunmuş məsələlərin həllini göndərənlər olur.

- Artıq uzun illərdir Türkiyədəsiniz. Bu ölkədə riyaziyyat sahəsində vəziyyət necədir?

- Son 25-30 ildə Türkiyə riyaziyyatda ciddi bir irəliləyiş əldə edib. Mən bu elmi inkişafı tamamilə xaricdən gələn riyaziyyatçılara bağlamıram, daha çox ölkədə aparılan düzgün elm siyasətinin nəticəsi olduğunu düşünürəm. Beynəlxalq səviyyəli jurnallarda dərc olunan məqalə sayında xeyli artım var. Bu gün Türkiyənin bütün nüfuzlu ali təhsil müəssisələrində azərbaycanlı riyaziyyatçı professorlar var və bu da Azərbaycan adına çox böyük uğurdur. Hesab edirəm ki, bunun davamının gəlməsi, yeni kadrların yetişməsi üçün orta məktəblərdə riyaziyyat olimpiadalarına ciddi hazırlıq görülməlidir. Biz bu gün Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı məktəblilərdən istədiyimiz uğurlu nəticələr görmürük. Bütün dünyada riyaziyyat üzrə ən önəmli olduğu qəbul edilən bu yarışmada bürünc və bəzən də gümüş medallar qazanılsa da, hələlik qızıl medalımız olmayıb, ölkələr arasında yerimiz də qənaətbəxş deyil. Riyaziyyat idman və ya digər sahələr kimi deyil, yaşlananda belə bu işdən uzaqlaşmaq məcbüriyyətində qalmırsan. Əksinə, daha dolğun və analiz bacarığı olan bir beyinlə yeni problemlərin həlli üçün ciddi araşdırmalar aparırsan. Yəni, doğrudan da, bir ölkənin uğurlu və bacarıqlı riyaziyyatçıları varsa, ölkəsini bütün dünyaya tanıda bilər. Dünyada keçirilən beynəlxaq riyaziyyat olimpiadalarında uğurlu nəticə əldə etmək üçün sözün həqiqi mənasında analiz qabiliyyəti olan istedadlı uşaqlar yetişməlidir. Bu istedadlı uşaqların ortaya qoyduğu uğurlu nəticələr onları gələcəyin aliminə, professoruna çevirəcək. Təəssüf ki, bu il Azərbaycanda keçirilən beynəlxalq informatika olimpiadasında medal alan məktəblimiz olmadı, amma Azerbaycanlı professor Fuad Hacıyevin rəhbərlik etdiyi Qazaxstan komandası qızıl medalla vətəninə döndü.

Xatırlayıram ki, 1971-ci ildə hazırda Anadolu Universitetinin professoru olan riyaziyyatçı Xaliq Hüseynovla birlikdə Azərbaycanda respublika olimpiadasının qalibi olmuşduq. Bu hadisədən qısa müddət sonra bizim məktəbdə fizika-riyaziyyat təmayüllü sinif açıldı. Hesab edirəm ki, belə riyazi istedadı olan insanlarla indi də maraqlanmalıdırlar, bu sahəyə ciddi diqqət ayrılmalıdır. Türkiyədə bu sahəyə böyük önəm verilir. TÜBİTAK-ın dəstəyi ilə bir çox böyük layihələr maliyyələşdirilir və bu da istedadlı gənç riyazziyyatçıların yetişməsinə ciddi təkan verir. 1990-cu illərdə Türkiyənin də Beynəlxalq Riyaziyyat Olimpiadasındakı yeri qənaətbəxş deyildi, bürünc medal alan məktəblilər uğurlu sayılırdı. Azərbaycandan gələn riyaziyyatçıların da ciddi dəstəyi ilə qısa bir müddətdə bu sahədə bir xeyli irəliləyiş oldu. 1999cı ildə Bumin Yenməzin ilk altın medalından sonra Türkiyə komandası dünyanın sayılan komandaları arasına girdi. 


Bir necə il sonra artıq bürünc medal uğursuzluk olaraq qiymətləndirilməyə başladı. Türkiyə komandası ilk 10 komanda arasına girərək dünyanın ən güçlü komandalarından olan Rusiya ilə yarışa biləcək səviyyəyə gəldi. Hal hazırda hər il ortalama 1 məktəbli qızıl medal qazanır. Türkiyə Balkan Olimpiadaları və Italyada keçirilən Aralıq Dənizi ölkələri yarışmasında da uğurla iştirak edir.


Təbii ki, Türkiyə olimpiada komandasının bu səviyyəyə çatmasında ciddi rolu olan tanınmış riyaziyyatçılarımızın adını qeyd etmək lazımdır. Türkiyə Riyaziyyat Olimpiada Komitəsinin rəhbəri, Bilkent Universitetinin professoru, mərhum şair Əli Kərimin oğlu Azər Kərimovdur. Əli Kərim Azərbaycanda çox sevildiyi kimi, Azər Kərimov da Türkiyədə riyaziyyat olimpiadası ilə məşğul olan məktəblilərin və müəllimlərin sevimlisidir. Ondan başqa, Mimar Sinan Universitetinin professoru işləmiş Məhəmməd Tağıyev, Akdəniz Universitetinin professoru İlham Əliyev və Ankara Universitetinin professoru Şahin Əmrahov də Türkiyənin olimpiadalardaki uğurlarında həlledici rol oynayan azərbaycanlı riyaziyyatçılardandır. 

 Soldan sağa: Professorlar İlham Əliyev, Rəfail Əlizadə, Məhəmməd Tağıyev, Azər Kərimov və Şahin Əmrahov

 

Professor İlham Əliyev Akdəniz universitetində, 1996 cı ildə başladılan və gələn il 25 cisi keçiriləcək Türkiyə səviyyəsində çox tanınan Akdəniz Riyaziyyat olimpiyadasını təşəbbüskarlarındandır və komitə rəhbəridir. Türkiyədə bir olimpiyatçı nəsli onun 1990 cı illərdə professor H.İ.Karakaşla birlikdə yazdığı və məktəblilər arasında "bəyaz kitap” deyə tanınan kitablarıyla yetişdi. Bu professorlarımız TÜBİTAK-ın dəstəklədiyi və "Tusi Matematik Olimpiyat Eğitimi” kurslarında da riyaziyyat müəllimlərinə olimpiada dərsi verdilər.

 Professorlar Rəfail Əlizadə və Xaliq Hüseynov olimpiada təhsili alan müəllimlərlə

 

Məncə kifayət qədər dəstək olarsa bizim məktəblilərimiz də Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal ala bilər və Azərbaycan komandası da ilk 10 komanada arasına girə bilər. Bəzən Azərbaycandan email yazıb kitab, elmi vəsait istəyirlər və biz də onlara yollayırıq, bəzən qısa müddətdə dərs vermək üçün Bakıya gedirik. Ancaq bunlar kifayət deyil, biz Azərbaycandakı məktəblilərimiz və riyaziyyat müəllimlərimiz üçün daha çox şey edə bilərik. Fikrimcə, Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşayan riyaziyyatçılarımızla bir araya gəlib onların Azərbaycanda olimpiada sahəsinə dəstək verməsi üçün layihələr hazırlamasına kömək etməlidir.

- Tarixdə riyaziyyatçıların ömürlərini belə həsr etdiyi riyazi araşdırmaları var. Sizcə, müasir dövrdə bu kimi araşdırmaların izində olan riyaziyyatçılar varmı?

- Əlbəttə var. Riyaziyyatla məşğul olmaq, riyazı problemin həlli istiqamətində çalışmalar aparan insanlar ömürlərini deyil, bəzən hər şeylərini ortaya qoyurlar. Bəziləri belə alimlərin dəli olduğunu düşünürlər. Ancaq bu hissi sözlə ifadə etmək mümkün deyil. Sevgisiz riyaziyyatçı yetişməz. Son illərdə Sankt-Peterburqda özündən söz etdirən riyaziyyatçı, uzun illər üzərində işlədiyi Puankare hipotezini isbat edən Qriqori Perelmanın həyatı buna əyani misaldır. Məktəbliykən Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal alan bu riyaziyyatçı evdə illərlə bu hipotezin həlli üçün çalışır və 2005-ci ildə əldə etdiyi nəticələr hər kəs tərəfindən qəbul olunur. Sonradan bu uğuru sahiblənmək istəyənlər ortaya çıxsa da, ancaq kəşfini isbatlayır və dünyaya qəbul etdirir. Q.Perelman bu riyazi hipotezin həlli üçün əvvəlcədən qoyulan bir milyon dollarlıq mükafatı və 40 yaşınadək olan riyaziyyatçılara verilən "Fields” mükafatını qəbul etmir. İnsanlar onu və ailəsini çox qınayır, yaşadığı həyat tərzindən danışıb onun yoxsul olmasına baxmayaraq mükafatı rədd etməsini böyüdürlər. Nəticə etibarilə insanlara onun uğuru deyil, digər lazımsız məqamları maraqlı gəlir. Hadisələrə hər kəsin fərqli baxışı var. Ona görə də insanları qınamamalıyıq. Heç bir elmi kəşif asanlıqla ortaya çıxmır.

- Universitetdəki dərs yükünüz, "Matematik Dünyası”ndaki çalışmalarınız, Olimpiada çalışmaları, bunlardan elmi araşdırma aparmağa vaxtınız qalırmı?

- Əvvəllər mənim aspirantım olmuş gənçlər indi bir çox universitetdə riyaziyyat bölüm başçısı, professor, dosent olaraq çalışırlar. Onlar aktiv şəkildə elmdəki yenilikləri izləyir və ciddi araşdırmalar aparırlar. Mən də araştırmalara az vaxtım qalsa da şagirdlərimin sayəsində yeniliklərdən xəbərdar oluram və elmi nəticələr əldə edirəm. Hətta universitetimizin 2017 ci ildə beynəlxalq səviyyədə ən çox məqalə dərç etdirən müəllimi mükafatını aldım. 

 

 

- Son illərdə Türkiyəyə təhsil almaq üçün üz tutan azərbaycanlıların sayı artır. Qardaş ölkədə dərs deyən biri kimi onlara nə kimi tövsiyələr verə bilərsiniz?

- Bəli, son vaxtlar Türkiyəyə təhsil dalınca gələn gənclərimiz çoxdur. Bu, məni sevindirir. Çünki həqiqətən savadlı və bacarıqlı mütəxəssislərin yetişməsi üçün Türkiyənin ali təhsil ocaqlarında hər cür şərait var. Ancaq təəssüflər olsun ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarından keçə bilməyən bir çox gənc Türkiyədə atestatla ali təhsil almağa çalışırlar. Təbii ki, onların çoxu məzun ola bilmirlər. Mən 1992-ci ildən Azərbaycanda tətbiq edilən test üsulunun çox uğurlu olduğunu düşünürəm. Əgər abituriyent həmin imtahanlardan keçə bilmirsə, Türkiyədə heç bir universitetdə uğur əldə edə bilməz. Bir də oxumaq istədikləri universiteti yaxşı araşdırsanlar, internetdən universitet sıralamasına baxsınlar, tanışlarından aldıqları informasiyaya çox da inanmasınlar, çünkü bəziləri uşağının oxuduğu adi bir universitetin Türkiyənin ən yaxşı universiteti olduğunu iddia edir. Ümumiyyətlə xalqımız əfsanə yaratmağı çox sevir. Sovet illərində şair və yazıcılarımızın sayəsində Azərbaycandan kənara çıxmayan bəzi həmvətənlərimiz ölkəmizi hardaysa dünyanın mərkəzi hesab edirdi. İndi də, xüsusilə sosyal medyada həmvətənlərimiz haqqında çox şişirtmə xəbərlər yayılır. Məsələn bir qurumdan əlmi tedqiqat üçün təgaud əldə edən bir riyaziyyatçımız haqqında bir çox gəzet və web səhifələrində "kiçik Nobel mükâfatı aldı” xəbəri çıxır. Təbii ki bu təqaüd hər müraciət edənə deyil, uğurlu riyaziyyatçılara verilir, amma bir az riyaziyyatla əlaqəsi olan hərkəs bu xəbərin gülünç olduğunu başa düşər. Bildiyiniz kimi Riyaziyyatda Nobel mükafatı yoxdur, amma bəlkə daha önəmli mükafatlar var: gənç riyaziyyatçılara verilən Fields medalı, Abel mükafatı və başqa onlarla dünya miqyaslı mükafatlar. Bildiyimə görə bu mükafatların hər hansı birini alan riyaziyyatçımız təəssüf ki yoxdur, bizə də gələcəkdə belələrinin olacağına ümid etmək qalır. Mənim haqqımda da vikipediyada "Amerika Riyaziyyat cemiyyətinin üzvüdür” yazılmışdır, halbuki bildiyimə görə riyaziyyatçı olmayan biri belə bu cəmiyyətə üzv ola bilər. Dünyadakı yerimizi bilmək üçün realist olmalıyıq. Xüsusilə kriminal aləmdə nüfuzu olan həmyerlilərimizin reklam edilməsi gənç nəsillərin tərbiyəsində çox zərərli olduğunu düşünürəm.

Digər bir vacib məsələni də sizinlə paylaşmaq istəyirəm. Biz Azərbaycanda baş verən hadisələrdən xəbər tuta bilmirik. Çünki Türkiyədə Azərbaycan telekanalları göstərmir. Sadəcə, sosial şəbəkələr vasitəsilə Azərbaycandakı yenilikləri izləməyə çalışırıq. Ancaq həmin platformalarda paylaşılanlar hər zaman reallığı doğru əks etdirmir. Bəzən birilərini tənqid edirlər, ancaq qarşı tərəfi dinləmədən baş verənlərin doğru olub-olmadığına qərar vermək çətindir. Bu, çox ciddi problemdir. Fikrimcə, Azərbaycan telekanallarının Türkiyədə yayımlanması üçün addımlar atılmalıdır.

- Bəs övladlarınız necə sizin yolunuzu davam etdirirmi?

- Üç övladım - iki qızım, bir oğlum var. Böyük qızım kompüter mühəndisidir və Vestel fabrikində öz sahəsi üzrə işləyir. İkinci qızım tibb fükültəsindən məzun oldu və hazırda öz sahəsində daha da ixtisaslaşmaq üçün imtahanlara hazırlaşır. Oğlum isə İstanbul Texnik Universitetinin ikinci kurs tələbəsidir. Hər il Azərbaycana gedirik. Düzdür, hər iki ölkə arasında ciddi mədəniyyət fərqi yoxdur, ancaq bütövlükdə övladlarım heç bir zaman milli kimliklərini və düşüncələrini dəyişmədilər. Mən də, onlar da Azərbaycanla bağlı Türkiyədə keçirilən tədbirlərdə, yürüşlərdə aktiv iştirak edirik və dəstək veririk. İnanıram ki, mənim doğulduğum ana vətənim Cəbrayıl yaxın gələcəkdə düşmən işğalından azad olunacaq və övladlarımla növbəti ziyarətlərimi doğma rayonuma edəcəyəm.

LOBBİ.Az

Xəbər lenti