İlham Əliyev: “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”

İlham Əliyev: “Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Avropa İttifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmasına, Azərbaycana isə heç bir vəsait ayrılmamasına münasibət bildirib.

 

Dövlətimizin başçısı bu mövqeyi ədalətsiz adlandıraraq deyib: "Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. "Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox. Amma bizə heç kim təklif etmədiyi halda deyirlər ki, Azərbaycana vəsait lazım deyil. Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür? Azərbaycan şəffaf bir ölkədir. Maliyyə resursları da bəllidir. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Xəbər lenti