İKT sahəsində inkişaf prosesinə qoşulmaq və yön vermək lazımdır – TƏHLİL

İKT sahəsində inkişaf prosesinə qoşulmaq və yön vermək lazımdır – TƏHLİL

İnformasiya kommunikasiya texnologiyalarının inkişafı artıq elə bir səviyyəyə çatıb ki, həyatamızın hər bir sahəsinə bu texnologiyalar sirayət edib. Bəşəriyyətin gələcəyi birbaşa olaraq İKT ilə bağlı olacağı üçün dövlətlər məcburdular ki, gedən proseslərlə ayaqlaşsınlar. İKT-nin inkişafı ilk növbədə qlobal informasiya məkanının formalaşmasına gətirib çıxarıb və belə olan təqdirdə informasiya axınını nəzarətdə saxlamaq demək olar ki, mümkünsüz olub.

İnformasiyanın məhdudiyyətsiz yayılması bir tərəfdən qlobal informasiya mübadiləsinə şərait yaratmaqla ümumbəşəri inkişafda balansı təmin edirsə, digər tərəfdən ayrı-ayrı ölkələrin milli maraqlarına təhlükə mənbəyinə çevrilir. Bəzi hallarda isə dövlətlərin inkişaf tempi İKT-nin inkişafından geri qalır və buna yol verməmək üçün dövlət idarəetmə sisteminin İKT inkişafı ilə paralel getməsi üçün əlavə tədbirlərə ehtiyac yaranır. Əgər iqtisadiyyatın başqa sahələrinin inkişafı dövlətin dəstəyi ilə həyata keçirsə, İKT-in inkişafında bunun tam əksi baş verir. İnformasiya texnologiyalarının inkişafı dövlətləri inkişafa tətikləyir. Bu tendensiyadan heç bir dövlət sığortalanmayıb və dünya dövlətlərinin əksəriyyəti həm qanunvericilik bazası, həm idarəetmə sisteminin İKT-nin inkişaf səviyyəsinin tələblərinə uyğunlaşdırılmasına çalışır.

Bu mənada Azərbaycan heç də geri qalmır, hətta bir çox məsələlərdə bəzi Avropa ölkələrindən qabaqda gedir.

Ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, korrupsiya ilə mübarizə, cəmiyyətdə şəffaflıq və demokratiyanın inkişaf etdirilməsi üçün İKT-ın inkişafı ən əlverişli vasitə kimi qəbul edilir.

Azərbaycanda İKT sahəsində qlobal inkişafla ayaqlaşmaq üçün ilk növbədə bu sahədə qanunverici bazasının formalaşdırılması və təkmilləşdirilməsinə xüsusi diqqət ayrılmışdır. Qanunvericilik bazasının formalaşdırılması ona görə vacib idi ki, qlobal informasiya bolluğu ölkəmiz üçün xaosla nəticələnməsin və nizamlanma həyata keçirilə bilsin. Bu mənada, 3 aprel 1998-ci ildə qəbul olunmuş "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun Respublikanı İKT–nin gələcək qlobal inkişafı ilə ayaqlaşmasına şərait yaratdı. Həm də, sonrakı dövr üçün normativ hüquqi bazanın bu sahədəki fundamenti rolunu oynadı.

Sonrakı illərdə qəbul olunan 9 mart 2004 – cü il tarixli "Elektron imza və elektron sənəd haqqında”, 30 sentyabr 2005 – ci il tarixli " İnformasiya əldə etmək haqqında”, 11 may 2010-cu il tarixli "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları informasiya axınının nizamlanmasına hesablanmışdısa da, artıq 2005-ci ildən etibarən bu sahədə qəbul olunan qanunlar daha çox ölkəmizdə İKT-nin hərtərəfli inkişafını təmin etmək məqsədi daşıyırdı.

Bu mənada, 21 oktyabr 2005-ci ildə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” ("Elektron Azərbaycan”), 13 fevral 2007-ci ildə "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”, 17 sentyabr 2009 – cu ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”, 8 noyabr 2011- ci ildə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012 - ci illər üçün Dövlət Proqramı”, 20 sentyabr 2016 – cı ildə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi İKT sahəsində gedən qlobal inkişaf tendensiyalarına Azərbaycanın qoşulmasını təmin etdi.

Təbii ki, tək normativ-hüquqi bazanın müasir reallıqlara uyğunlaşdırılması kifayət etmir. Harari məşhur "Homo Deus” əsərində bəşəriyyətin gələcəyinin müəyyən edilməsinin məhz informasiya-kommunikasiya şirkətlərinin rəhbərlərinin əlində olacağını bildirir.

Bu mənada, "Google”, "Facebook”, "Microsoft”, "Amazon”, və başqa bir neçə böyük şirkətlərin adları qeyd olunur. Diqqət edərsək, bu şirkətlərin rəhbərləri dünyanın ən zəngin insanları olmaqla yanaşı, dünyanın ən ağıllı mühəndisləri də məhz bu şirkətlərə toplanıb. Bu şirkətlərin elmi laboratoriyalarında hansı yeniliklər üzərində işlənildiyindən hələ ki, heç kimin məlumatı olmasa da, İKT sahəsindəki istənilən yeniliyin bütöv bəşəriyyətin taleyinə hansısa formada təsir edəcəyi şübhə doğurmur. Bu şirkətlər süni intellektdən tutmuş, qonşu planetdə insan yaşayışının təmin edilməsi ilə bağlı layihələr üzərində işləyirlər.

Odur ki, İKT-nin inkişafına yön verən dövlətlər də gələcəyin super dövlətləri olacaqlarını indidən demək mümkündür. Bu baxımdan, artıq elə bir mərhələyə çatmışıq ki, İKT sahəsində inkişaf prosesinə qoşulmaq və yön vermək lazımdır.

Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2013-cü il tarixli 853 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması məhz bu hədəflərə nail olunmasını ön görür. Fondun əsas məqsədi - Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlıq sektorunun inkişafı və onun yetərli maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların maksimum cəlb olunması, yeni innovativ texnologiyaların yerli iqtisadiyyata səmərəli inteqrasiya edilməsi, elmi tədqiqat işlərinin və eyni zamanda səmərəli innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, eyni zamanda İKT sahəsində əlverişli investisiya mühitinin yaxşılaşdırılması, həm yerli, həm də xarici investorların maraqlarının stimullaşdırılmasının təmin olunması və birgə layihələrdə iştirak etmələri üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, yüksəkixtisaslı peşəkar kadrlarınişə cəlb edilməsi, mövcud layihələrin səmərəliliyi və əhəmiyyəti haqqında xarici mütəxəssislərlə birgə müvafiq araşdırmaların aparılması, onların çevikliyinin təmin olunması və birgə layihələrin idarə edilməsi istiqamətində tövsiyələrin verilməsi yolu güclü ilə, intellektual biznesin inkişafına təkan verilməsidir.

 

Səbuhi ABBASOV

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.13

Xəbər lenti