Ermənistanda hakimiyyət böhranı: Paşinyan etirazçıları həbsxanalara doldurur

Ermənistanda hakimiyyət böhranı: Paşinyan etirazçıları  həbsxanalara doldurur

İşğalçı ölkədə son sutkada 100-dən artıq adam həbs edildi; İrəvandakı hadisələrdə Moskva izi; Arzu Nağıyev: "çarukyanın birbaşa havadarı olan Rusiya bu hadisələrə göz yummadı”

Ermənistan paytaxtında ötən həftədən başlayan gərginlik səngimək bilmir. İyunun 16-da, səhər saatlarında "Çiçəklənən Ermənistan” Partiyasının tərəfdarları ölkə parlamentinin qarşısına toplaşıblar. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, polisin hərəkətə keçməsindən sonra 100-dən çox aksiyaçı saxlanılıb.

Məlumata görə, bu gün Ermənistan parlamentində "Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri, deputat, iş adamı Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və onunla bağlı istintaqın başladılmasına razılıq verilməsi məsələsinə baxılacaqdı. Məlumata görə, müvafiq vəsatətlər baş prokuror Artur Davtyan tərəfindən təqdim edilib. Üç ittihamla günahlandırılan Tsarukyan və rəhbərlik etdiyi fraksiya baş verən hadisələrin siyasi sifariş olduğunu bəyan edib.

Bu xəbəri eşidən Tsarukyan tərəfdarları parlament binasına doğru axışıblar. Mitinq icazəsiz olduğundan polis dağılışmaq əmri verib. Lakin etirazçılar polisin tələblərinə məhəl qoymayıb. Saat 11.00-da yayılan rəsmi məlumata görə, 103 nəfər saxlanılıb. Saxlanılanlar arasında məşhur erməni güləşçisi, Avropa çempionu və Olimpiya oyunlarının bürünc mükafatçısı Roman Amoyan da var.

Qeyd edək ki, Ermənistanda koronavirus səbəbindən fövqəladə vəziyyət rejimi mövcuddur. Ancaq N.Paşinyanın siyasətinə etiraz edən vətəndaşlar heç nəyə məhəl qoymadan etirazlarını davam etdirirlər. Ötən şənbə və bazar günləri Q.Tsarukyanın istintaqa aparılmasına və onun rəhbərlik etdiyi qurumun ofislərində axtarış aparılmasına etiraz edən kütlə ilə polis arasında qarşıdurma baş verib. Həmin toqquşmalar zamanı da 100-dən çox aksiya iştirakçısı saxlanılıb. 

Son məlumata görə, paytaxt İrəvana gedən bir sıra yollar, eləcə də şəhərin bəzi küçələri Tsarukyanın yük maşınları, avtobuslar və minik avtomobilləri ilə bağlanıb. İrəvan -Abovyan magistral yolunda maşınların hərəkətinin qarşısı alınıb. Bildirilib ki, taksi sürücüləri "Dalma moll” ticarət mərkəzinə aparan yolu bağlayıblar.

Qeyd edək ki, "Çiçəklənən Ermənistan” Partiyasının tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında da etiraz aksiyası keçirir. Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin üzvləri öz liderlərini sonadək qorumaqda israrlıdırlar. Tsarukyanın dindirilmək üçün MTX-nin binasına gətirilməsinə etiraz edənlər zorla polis avtomobillərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Daha sonra etirazçıların müxtəlif polis idarələrində saxlandığı və 3 saatdan sonra azad ediləcəyi bəyan edilib. Milli Təhlükəsizlik Xidməti bildirib ki, Q.Tsarukyana məxsus şirkətlərin qumar oyunları ilə bağlı qanunsuz fəaliyyəti nəticəsində dövlət büdcəsinə təxminən 60 milyon ABŞ dolları məbləğində vergi verilməyib. Buna cavab olaraq «Çiçəklənən Ermənistan» Partiyasının mətbuat katibi Sveta Tonoyan vurğulayıb ki, Qaqik Tsarukyan şirkətlərini etibar etdiyi şəxslərin idarəçiliyinə verib və özü bizneslə məşğul olmur.

Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə gələndə onun müdafiəçilərindən olan Q.Tsarukyan son aylar baş nazirə qarşı açıq savaşa keçib. Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra isə ona qarşı təzyiqlər artıb. Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib. Tsarukyan bəyan edib ki, onu susdura bilməyəcəklər. İşağlçı ölkədə baş verənlər təbii ki, Azərbaycanda həssaslıqla izlənilir. 

Arzu Nağıyev: Hər bir vətəndaş koronavirusla mübarizədə öz vicdanı ...

Arzu Nağıyev

Deputat, politoloq Arzu Nağıyev "Yeni Müsavat”a bildirdi ki, Paşinyan koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətin kritik olduğunu anlayır və məhz buna görə də hakimiyyət orqanlarında dəyişikliklər etdi: "Əslində Qarabağ klanının lokallaşmasından sonra növbə Ermənistanda nüfuz sahibi və əlində küllü miqdarda maliyyə vəsaiti olan ”Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyana çatıb. Paşinyan onu ram etməklə maliyyə vəsaitini, ona mənsub olan obyektləri, daşınmaz əmlakı ələ keçirmək niyyətindədir. Paşinyanın bu fikri çoxdan var idi. Sadəcə olaraq, Sərkisyan və Köçəryanı lokallaşdırmaq lazım idi. Rusiyanın "xeyir-duası” ilə buna nail olub, Qarabağ separatçılarına istədiyi adamı yerləşdirdikdən sonra o, elə başa düşdü ki, Tsarukyanı da bu yolla ram edə bilər. Buna görə onun qanunsuz bizneslə məşğul olması və bu kimi məsələləri qabartdılar". A.Nağıyev əlavə etdi ki, Tsarukyanın birbaşa havadarı olan Rusiya bu hadisələrə göz yummadı: "Paşinyan Tsarukyana qarşı sərt addım atan kimi, Rusiyanın hüquq-mühafizə orqanları İrəvandan Əfqanıstana uçan və 40 tonluq qaçaqmal siqaret yüklənmiş təyyarəni saxladı və qaçaqmalın Paşinyanın ailəsinə və yaxın adamlarına, hətta həyat yoldaşı Anna Akopyana, ”Mənim addımım" Partiyasının funksionerlərinə aid olduğu ilə bağlı bəyanat yaydı. Bu isə təbii ki, siyasi partiyaların müxtəlif bəyanatlarına və ən başlıcası Paşinyanın istefasına çağırışla nəticələndi. Təbii ki, baş icraçı Tsarukyan və onun partiyası oldu. Öz növbəsində Ermənistan DTX-sı Tsarukyanı sorğuya çağırdı, onun tərəfdarları isə karantin rejimini pozaraq mitinqə çıxdılar və kütləvi həbslər başladı. Tsarukyana bir neçə maddələrlə, o cümlədən seçki saxtakarlığı, rüşvət və digər İttihamlar irəli sürülüb. Ermənistan polisi bir gündə Tsarukyanın 252 tərəfdarını inzibati qaydada saxladı, bəzilərinə 2 aylıq həbs tətbiq edildi.             Tsarukyan bütün bunların Paşinyan tərəfindən edildiyini və siyasi repressiya olduğunu bildirdi". Millət vəkilinin sözlərinə görə, Paşinyan indi çalışır ki, Tsarukyanın deputat toxunulmazlığını parlamentdə ləğv etdirsin: "Bunun əleyhinə olaraq daşnakların ofisində beş partiyanın yığıncağı keçirildi və gözlənildiyi kimi də bu tədbirə rəhbərliyi DTX-nın Paşinyan tərəfindən işdən azad edilən sədri Artur Vanesyan etdi. Hansı ki, birbaşa Rusiya ilə bağlı bir məmurdur. Bugünkü vəziyyətdə ən maraqlı məqam odur ki, artıq Paşinyanı liderə çevirmiş Ermənistan vətəndaşları başa düşüblər ki, onların hamısı müxtəlif öz maraqlarını güdən klanların əllərində oyuncağa çevriliblər. Müharibə, səfalət, iqtisadi tənəzzül burulğanında boğulan bir ölkənin adi vətəndaşları milyonlar sahibi olan qrupların onların başına nə oyunlar açdığını artıq dərk edirlər. Paşinyanın öz xalqına qarşı atdığı bu addımları isə nə xalq, nə də onun üzvü olduğu cinayətkar aləm bağışlamayacaq”.

Ermənistan daxilində xaosun hökm sürdüyü bir məqamda Ermənistan silahlı qüvvələrinin yeni Baş Qərargah rəisi Onik Qasparyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Ermənistan: Baş Qərargahın yeni rəisi kimdir? – Novator.az

Onik Qasparyan

 

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, Qasparyan Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan və "müdafiə naziri” Cəlal Harutyunyanla görüşüb. Qasparyan bu yaxınlarda Baş Qərargah rəisi vəzifəsinə təyin edilib. Baş Qərargahın ondan əvvəlki rəisi Artak Davtyan koronavirus pandemiyası dövründə karantin rejimi qaydalarını pozaraq oğluna toy etdiyi üçün istefaya göndərilib. Qasparyanın Qarabağa gəlməsi təsadüf deyil. Paşinyanı hazırda ən çox qorxudan iki məsələ var. Birincisi, Ermənistan ordusunun silahı hakimiyyətin əleyhinə çevirməsi və Qarabağda mövcud olan hərbi birləşmələrin hərəkətə keçməsi, ikincisi, Azərbaycanın fürsətdən istifadə edərək işğalçı orduya zərbələr endirməsi ehtimalı. Yaxın tarixin təcrübəsi var, Ermənistan Azərbaycan ərazilərini məhz ölkəmizdə siyasi çaxnaşmaların baş verdiyi dönəmdə işğal edib və Paşinyan da bunu yaxşı bilir. O mənada İrəvanda ehtiyat edirlər ki, Azərbaycan Ermənistana növbəti dərsi məhz bu ərəfədə verə bilər.

Ermənistanda əsgər valideynləri hədələnir - Report.az

Xüsusilə də işğal altındakı ərazilərə Ermənistandan üçüncü yolun çəkilməsinə verilən reaksiyalar İrəvanda səksəkə ilə qarşılanır. Avropa Birliyindən Ermənistanın bu, qanunsuz addımlarına verilən sərt reaksiyanın ardınca ermənilər bildirirlər ki, bu bəyanat Azərbaycana hərbi əməliyyatları başlamaq üçün yaşıl işıq yandırıb. Bu mənada koronavirus pandemiyasına qarşı mübarizədə təslim olan Ermənistan növbəti fəlakətlə üz-üzə qalacağından ehtiyatlanır.  Xəbər verildiyi kimi, bugünlərdə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin yeni rəhbəri Araik Arutyunyan işğalçı Ermənistanla Qarabağ torpaqlarını birləşdirəcək yeni yolun çəkiləcəyini bəyan edib. Bu yolun Xocavənd rayonunun Hadrut qəsəbəsindən başlayaraq Laçın və Qubadlı ərazilərindən keçməklə  Qafan şəhərinədək davam edəcəyi bildirilib. Moderator.az xəbər verir ki,  Xankəndində sülənən erməni bloger David Simonyan Ermənistana 3-cü yolun çəkilməsi planının əsil səbəbini açıqlayıb. O yazıb ki, Kəlbəcər və Ağdərədəki yataqlardan qızılın Ermənistana asan şəkildə daşınması üçün Kəlbəcərdən keçən Ağdərə-Basarkeçər (Vardenis) yolunun yenidən asfaltlandığı kimi Qarabağın cənubundakı digər qızıl yataqlarından da xammalın asan daşınmasını təmin etməkdən  ötrü Qafana tərəf gedən 3-cü yol çəkilir.

Xatırladaq ki, Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə Vejnəli qızıl yatağı yerləşir. Hazırda ermənilər xarici şirkətlərin köməyi ilə həmin yatağın istismarını davam etdirir.

Ermənistanın qarışması isə onun bütün planlarını poza bilər. Nikol Paşinyan "Tsarukyan sınağı” ilə üz-üzədir. "Çiçəklənən Ermənistan”ın liderinin arxasında təkcə tərəfdarları və milyonlar dayanmır, həm də Rusiya amili dayanır...


"Yeni Müsavat"

Xəbər lenti