Ermənistan ədalət mühakiməsinə cəlb edilir...

Ermənistan ədalət mühakiməsinə cəlb edilir...

Hərb meydanında qələbə qazandıq, hüquq müstəvisində də qalib olacağıq

Haaqa Məhkəməsi Azərbaycanın iddiası ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq

Nurlan QƏLƏNDƏRLİ

Məlum olduğu kimi, bu il oktyabr ayında Azərbaycan Respublikasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilib. İclasda Azərbaycan tərəfini təmsil edən xarici işlər nazirinin müavini Elnur Məmmədov məhkəməni Ermənistana qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə çağırıb. Məlumata əsasən, Haaqa Məhkəməsi iddia ilə bağlı qərarı dekabrın 7-də çıxaracaq. Beynəlxalq Ədalət Məhkəməsinin sədri, hakim Coan Donohyu məhkəmə qərarını açıq iclas zamanı açıqlayacaq.

Mütəxəssislərin qeyd etdikləri kimi, işğalçı Ermənistan tərəfindən Azərbaycan Respublikasına vurulmuş ziyan, xalqımıza qarşı həyata keçirilmiş terror siyasəti beynəlxalq humanitar hüququn ən ciddi pozuntularının nəticəsidir. Ona görə də Ermənistan beynəlxalq humanitar hüquqa görə məsuliyyət daşıyır. İşğalçı ölkənin ədalət mühakiməsinə cəlb olunması - beynəlxalq hüquq qarşısında cavab verməsi zərurətdir.

Ədalətli qərar qəbul edilməli, beynəlxalq hüququn yerinə yetirilməsi təmin olunmalıdır

Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Sabir Hacıyev "Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Ermənistan bu zamana qədər ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayətlər törədib, beynəlxalq humanitar hüququn tələblərini kobud surətdə pozub: "Ötən müddət ərzində xalqımızın maddi və mədəni irsinə qarşı terror siyasəti, soyqırımı həyata keçirilib. Eyni zamanda, Ermənistan dövləti çox sayda müharibə cinayətlərinə yol verib. O səbəbdən, Azərbaycan bütün bu cinayətlərə, vandalizm aktlarına görə Ermənistanın hüquq müstəvisində cavab verməsi, layiqincə cəzalandırılması üçün müvafiq iddialar irəli sürür. Təbii ki, araşdırmalar aparıldıqca, yeni faktlar aşkar edildikcə növbəti iddialar da qaldırıla bilər. Bütün hallarda, bəhs olunan qeyri-qanuni əməllərə görə işğalçı dövlətə qarşı ədalətli qərar qəbul edilməli, beynəlxalq hüququn yerinə yetirilməsi təmin olunmalıdır”.

İşğalçı ölkə beynəlxalq məhkəmələrdə, tribunallarda ifşa olunmalı, maddi təzminat ödəməlidir

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev isə bildirib ki, Azərbaycanın Ermənistana qarşı iddia qaldırması tam düzgün, gərəkli və təqdirəlayiq addımdır: "Çünki erməni vandalları 30 il boyunca bir çox cinayətlər törədiblər və müvafiq beynəlxalq konvensiyaların müddəalarını pozublar. Ona görə də Haaqa məhkəməsinin qərarını səbirsizliklə gözləyirik və dekabrın 7-də veriləcək həmin qərarın ədalətli olacağına ümid edirik”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan daim irqi ayrı-seçkilik siyasəti yürüdüb, hər zaman diskriminasiya xətti götürüb, müharibə cinayətləri, mülki əhaliyə qarşı terror törədib: "44 günlük müharibədə də onlar öz xislətlərini göstərdilər, amma ağır məğlubiyyətə düçar oldular. Azərbaycanın qəhrəman Ordusu öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Ermənistanı diz çökdürdü, əzəli torpaqlarımızı işğaldan azad etdi. Ermənistan növbəti mərhələdə törətdiyi cinayətlərə görə cavab verməlidir. Bu ölkə daha qlobal sferalarda, beynəlxalq məhkəmələrdə, tribunallarda ifşa olunmalıdır, maddi təzminat ödəməlidir. Biz hərb meydanında qalib olduq. Məhkəmələrdə də qalib olacağıq. Buna kimsənin şübhəsi yoxdur”.

 

Xəbər lenti