Əli Əhmədov: Ölkəmizə qarşı kampaniya aparanlara böyük zərbə vurulacaq

Əli Əhmədov: Ölkəmizə qarşı kampaniya aparanlara böyük zərbə vurulacaq
Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər.

7News.Az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana gələcək vətəndaşları üçün yaydığı tövsiyə xarakterli məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, qeyd edilən bəhanələrin sırasına dayananlardan biri idman yarışlarıdır:

"Bu, birinci dəfə deyil. Azərbaycanda heç də siyasi kampaniya xarakteri daşımayan çox müxtəlif mötəbər tədbirlər, "Avroviziya” və digər idman tədbirləri keçirilərkən, Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və ölkəmizin imicinə kölgə salmağa çalışır.

Bu, ölkəmizin dünyada artan nüfuzunun, onun yerinin və əhəmiyyətinin bilavasitə nəticəsidir. Azərbaycanı sevməyən, bizə qarşı kampaniya aparan qüvvələr ölkəmizin nüfuzunun artmasından narahatlıq duyurlar və çirkin əməllərindən qalmırlar.

Təbii ki, burada erməni lobbisinin çirkli fəaliyyətini qeyd etmək lazımdır. Əlbəttə ki, onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşürlər və ölkəmizə qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var. Bu, Azərbaycanın uğuruna inkişafına müxtəlif tədbirlərin keçirilməsinə ev sahiblik etməsinə əngəl olmayacaq. Ölkəmizdə keçirilən tədbirlər yüksək səviyyədə keçirildiyi kimi, mayın sonunda keçirilməsi planlaşdırılan idman tədbiri də yüksək səviyyədə keçiriləcək”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir:

"Dünyanın hər bir yerində bunu bilirlər. Azərbaycana gələn qonaqlar idman yarışında iştirak etməklə yanaşı, Bakının gözəlliklərindən həzz ala biləcəklər. Bu tədbirə çox sayda insanların gəlməsi ilə ölkəmizə qarşı kampaniya aparanlara böyük zərbə vurulacaq”.

"Azərbaycan sabitliyi, əmin-amanlığı, inkişafı və təhlükəsizliyi ilə dünyada birmənalı şəkildə tanınır və  ölkəmizin keyfiyyətləri etiraf edilir. Heç bir qarayaxma kampaniyası bu keyfiyyətləri azalda bilməyəcək”, - deyə Əli Əhmədov qeyd edib.

Xəbər lenti