Deputat Fazil Mustafa və diaspor rəhbəri Şamil Tağıyevin Şah İsmayıla görə davaları böyüdü

Deputat Fazil Mustafa və diaspor rəhbəri Şamil Tağıyevin Şah İsmayıla görə davaları böyüdü

Şamil Tağıyev: "Yazdığı hər bir sözə görə cavab verməlidir...”

Moskva Azərbaycan İcmasının sədri Şamil Tağıyevlə deputat Fazil Mustafa və BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı arasında ciddi qalmaqal yaşanır. Günlərdir davam edən gərginlik getdikcə artır.

Gərginliyin kökündə isə F.Mustafanın mərhum prezident Əbülfəz Elçibəyin təsis etdiyi "Şah İsmayıl Xətai medalı”nın ləğv edilməsi barədə fikirlər səsləndirməsi dayanır. Deputatın fikirlərinə Ş.Tağıyev öz facebook profilində reaksiya verib. F.Mustafa bunun ardından mətbuata verdiyi açıqlamada icma rəhbərini İran agenturasına işləməkdə ittiham edib. Deputatı müdafiə edən N.Orduxanlı isə daha sərt status paylaşıb.

Həmin statusu təqdim edirik: "İrana nökərlik edən və onların Azərbaycandakı təbliğatını aparan şəxslərin fəaliyyəti çoxdan bəllidir. Bunlar sosial şəbəkələrdə ölkənin ziyalılarına, deputatlarına, partiya sədrlərinə qarşı ən murdar təbliğatlar yaymaqdadırlar. Bunlar dəfələrlə mənimlə bağlı da ən yaramaz yazılar paylaşıblar. Eyni mərkəzdən idarə olunduqları açıq-aşkar görünür. Sadəcə, bunlar necə gedib Rusiyada Azərbaycan diasporasının rəhbərliyində təmsil oluna bilirlər? Düşünürəm ki, Azərbaycanın xüsusi xidmət orqanları bu amilə diqqət ayırmalıdır.

Niyaməddin orduxanlı ile ilgili görsel sonucu

Niyaməddin Orduxanlı

Şamil Tağıyev adlı şəxs ölkənin deputatlarını, ziyalılarını təhqir etməklə məşğuldur. Belə bir adam hansı yolla diaspora rəhbərliyinə qalxa bilir? Yəqin ki, bu məsələ hörmətli Fuad Muradovun da diqqətində olmalıdır. Maraqlısı odur ki, Rusiya vətəndaşı olan bu şəxs Azərbaycan diasporasında İranın təbliğatını necə apara bilir? Sosial şəbəkələrdə İranın yaratdığı ”Nurazcom" səhifəsində necə təhqir olunduğumuzu görmürlər?"

Şamil Tağıyevlə ile ilgili görsel sonucu

Şamil Tağıyev

Ş.Tağıyev "Yeni Müsavat”a açıqlamasında bunları deyib: "Niyaməddin Orduxanlını tanımırdım. Dostlarım onun yazdığını mənə göndərdilər ki, sənin haqqında bu cür status yazaraq fikir bildirib. Girib səhifəsinə baxdım ki, onunla ümumiyyətlə ortaq bir işimiz olmayıb. Heç dostluğumda olmayan bir insandır. Haqqında maraqlananda dedilər ki, Fazil Mustafanın ideoloji dostlarından biridir. Canı, qanları ilə Azərbaycana bağlı olan insanların ümumi fikirləri budur ki, onlar dövlətimizə qəti şəkildə düşmən kəsilmiş insanlardır. Onlar Bütöv Azərbaycandan danışırlar. Amma Bütöv Azərbaycanın banisi Şah İsmayıl Xətaini təhqir edirlər. Babəkə qarşı da bu cür mövqe nümayiş etdirirlər. Ölkəmizin daxilində dini münaqişə yaradırlar. Fazil Mustafa ilə mənim aramda bu cür söhbətlər haradasa 5-6 ildir davam edir. Onunla ortaq bir işimiz yoxdur. Sadəcə, Şah İsmayıl davamız var. O, millət vəkilidirsə, seçildiyi yerdən seçicilərin maraqlarını Milli Məclisdə qorumalıdır. Yoxsa çıxıb tarixi şəxsiyyətlərimizi, bir tarixi dönəmimizi təhqir etməyə ixtiyarı yoxdur. Ona bu ixtiyarı nə konstitusiya, nə seçicilər, nə də heç kim verməyib. Deputat olaraq o, dinləri, milli azlıqları ayırmamaq şərti ilə dövlətinə qulluq etməlidir. Fazil Mustafa nə vaxtsa deputat olmasa, o zaman ağzına gələni danışa bilər.  Heç kim ona məhdudiyyət yarada bilməz. O və digərləri yaxşı bilirlər ki, namaz qılıram, təriqətim şiədir. Azərbaycanda bir tendensiya var. Əgər kimisə qaralamaq istəyirlərsə, ya erməni agenti olduğunu, yada İrana işlədiyini deyirlər.

Fazil Mustafa yaxşı bilməlidir ki, əgər İrana işləyən bir şəxsə ağzını açıb nəsə desəydi, onun ağzını iki cırardılar. Azərbaycanın maraqlarını hər zaman qorumuşam. Bunu Rusiyada və digər yerlərdə yaşayan, məni tanıyanlar yaxşı bilirlər. Bəzi hallarda həyatımızı belə təhlükəyə atmaqdan çəkinməyərək bunları etmişik. Təəssüf ki, elə insanlar mənə və digər mənim kimi şəxslərə böhtanlar səsləndirirlər. Bir daha deyirəm ki, başqa bir dövlətin maraqlarını qorusaydım, mənə bu cür sözlər deyə bilməzdilər. Ən azından bundan qorxardılar. Ölkəmizin maraqlarını qoruduğum üçün bilirlər ki, nə desələr təhlükə olmayacaq. Niyaməddinlə ortaq dostlarımdan xahiş etdim  ki, Bakıya gələndə məni onunla görüşdürsünlər. Onunla oturub bir çay içmək istəyirəm. Görüm o məni tanıyırmı, yaxud məni şəxsən görübmü ki, bu cür sözlər yazır. Yazdığı hər bir sözə görə cavab verməlidir ki, nəyə əsasən bunları yazıb. Fazil Mustafa onun üçün mənbədirsə, o zaman onunla görüşə gələr. Həmin deputat Moskvaya gələndə onun özündən bu söhbətləri soruşmaq istəmişdim, lakin o, məni görən kimi yoxa çıxdı. Bakıya gələndə Fazil Mustafa və digər onun kimi şəxslərin istəkləri olarsa, onlarla görüşüb bu söhbətlərə aydınlıq gətirə bilərik. Rahat şəkildə söhbətimizi etməyə hər zaman hazıram”.

İcma rəhbəri son baş verən qalmaqalın əsas səbəblərini açıqladı: "Facebookda ”Baba Pünhan" adında qrup var. Həmin qrupda Fazil Mustafa haqqında nəsə yazıblar. O da həmin qrup haqqında fikirlərini bildirib. Açığı, o qrupda nə yazıldığından belə xəbərsiz olmuşam. Sadəcə, saytların birində rast gəldim ki, Fazil Mustafa Şah İsmayılı təhqir edir. Mən onun adını çəkmədən etik normalara uyğun şəkildə öz səhifəmdə bildirdim ki, əgər millət vəkili millətin, dövlətin mənafeyini qorumaq istəyirsə, getsin öz işləri ilə məşğul olsun, ölkənin daxilində sünni-şiə, talış, ləzgi söhbətləri salmasın. Onsuz da xarici düşmənlərimiz o qədər çoxdur ki, belə məsələləri qaldırıb, dövlətimizin daxilində çaxnaşma salmaq istəyirlər. Bu cür məsələləri qabartmaq düşmən qüvvələrin əlinə fürsət verir. Sonradan mənə xəbər verdilər ki, Fazil Mustafa haqqımda bəzi fikirlər səsləndirib. Fazil Mustafa, Niyaməddin Orduxanlı kimilər özlərini deputat, ziyalı adlandırırlar. Mən 25 ildir Moskvada yaşayıram. Gördüyüm dövlət xadimləri, ziyalılar, deputatlar Fazil Mustafa nümunəsindən çox uzaqdırlar. Kiminsə haqqında heç bir əsas olmadan bu cür ittihamlar səsləndirməyin özü bir cinayətdir. O, Moskvada fəaliyyət göstərən bir təşkilat haqqında bu cür fikirlər səsləndirir. Bu məsələni başqa bir formada yoluna qoymaq üçün Azərbaycandakı dostlarımla məsləhətləşəcəm".

LOBBI.Az

Xəbər lenti