Azərbaycan və Türkiyənin ortaq media tarixindən bəhs edən kitab təqdim olunub

Azərbaycan və Türkiyənin ortaq media tarixindən bəhs edən kitab təqdim olunub

Türkiyə və Azərbaycanın dövlət xəbər agentliklərindən, ortaq media tarixindən bəhs edən "Diqqət! Xəbər var!” monoqrafik nəşrinin təqdimat mərasimi keçirilib.

"Azərkitab” kitab mağazasında baş tutan təqdimatda millət vəkilləri, media kapitanları, jurnalistlər, QHT rəhbərləri və gənclər iştirak ediblər.

Təqdimatda açılış sözü ilə çıxış edən kitabın müəllifi, jurnalist Əfsələddin Ağalarov bütün qonaqları salamlayaraq kitab haqqında ictimaiyyət nümayəndələrinə məlumat verib.

Müəllif kitabda dünya xəbər agentliklərinin iş prinsiplərindən, informasiya agentliklərinin yaranması və ictimai rəyə olan təsirlərindən, Azərbaycan və Türkiyənin ortaq media tarixindən və hər iki qardaş ölkə mediasının incisi hesab olunan AZƏRTAC və "Anadolu" dövlət xəbər agentliklərinin müxtəlif proseslərdəki informasiya siyasətindən, informasiya ilə davranışlarından bəhs edildiyini əlavə edib: "Kitab gənc jurnalistlər üçün hazırlanmış aydın və lakonik dili ilə seçilə biləcək bir nəşdir. Kitabda dövlət xəbər agentliyinin dövlətlər üçün önəmi və bu önəmin praktik təcrübəsi izah olunur. İki qardaş ölkənin dövlət xəbər agentlikləri müxtəlif hadisələrə yanaşmasında dövlətlərin həmin hadisəyə olan baxışı və siyasi mövqeyi əsas götürülür. Məsələn, "Breksit" prosesində AZƏRTAC və "Anadolu" hansı duruşu sərgiləyir? Və ya ABŞ-da keçirilən prezident seçkilərində agentliklər fəaliyyətini necə qurub? Bu sualların cavabını müxtəlif üsullarla - qarşılaşdırma (müqayisə) və deduksiya üsulu ilə tapmaq mümkün olacaq”.

Ə.Ağalarov Azərbaycan və Türkiyənin ortaq media tarixində və bu günündə dövlət xəbər agentliklərinin önəmini vurğulayıb. O, iki qardaş ölkənin media platformasının qurulduğu bir ərəfədə kitabın nəşr edildiyini və bu prosesin inkişafında yeni yetişməkdə olan gənc jurnalistlərin də təmsil olunmalı olduğunu, bunun gələcəkdə böyük faydası olacağını əlavə edib.

Tədbirdə çıxış edən deputat Arzu Nağıyev kitabın jurnalistika sahəsində fəaliyyət göstərmək istəyən gənclər üçün əlverişli qaynaq rolunu oynayacağını deyib. O, Azərbaycan mediasının praktik və nəzəri formalaşmasının inkişafında bu cür nəşrlərin önəmli olduğunu bildirib.

Daha sonra çıxış edən "Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor, əməkdar jurnalist Rauf Arifoğlu müəllifə uğurlar arzularaq görülən işi yüksək qiymətləndirib. Tanınmış jurnalist Azərbaycanın müasir dövr mediasının nəzəri məlumatlarının gələcək nəsillərə ötürülməsi istiqamətində kitabın önəmini vurğulayıb. O, gənc jurnalistlərin bu kitabdan maksimum yararlanmalı olduğunu əlavə edib.

Tədbirdə çıxış edən əməkdar jurnalist, professor Qulu Məhərrəmli kitabın rəyçisi olduğunu və araşdırlan mövzunun aktuallığını önə çəkib. Professor Azərbaycan jurnalistikasının nəzəriyyəsinin araşdırılması zamanı qaynaq probleminə diqqət çəkərək kitabı araşdırma janrında aparılmış ən uğurlu işlərdən biri hesab etdiyini dilə gətirib.

Daha sonra çıxış edən tanınmış telejurnalist Anar Yusifoğlu da öz növbəsində kitabın yetişməkdə olan jurnalistlər üçün əvəzsiz vəsait hesab etdiyini və araşdırmanın aydın, lakonik işləndiyini bildirib.

Tədbirdə iştirak edən deputatlar Naqif Həmzəyev, Vüqar İsgəndərov, Elşən Musayev, Bəhruz Məhərrəmov da kitabla bağlı ilkin təəssüratlarını bölüşərək onun gələcək illərdə Türkiyə türkcəsində də tərcümə edilərək qardaş ölkədə yayımlanmasının vacibliyini vurğulayıblar.

Jurnalist və baş redaktorlardan Aqil Ələsgər, Nahid Canbaxışlı, Fərid Şahbazlı, Toğrul Allahverdili, Hacıbəy Heydərli və digərləri kitabla bağlı fikirlərini bölüşüblər.

İştirakçılar arasında "Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi də çıxışında müəllifə göstərdiyi həssas təşəbbüsə görə təşəkkür edib.

Qeyd edək ki, "Diqqət! Xəbər var!" monoqrafik nəşri Azərbaycan Gənclər Fondunun dəstəyi ilə yayımlanıb.

Sonda iştirakçılara kitablar hədiyyə edilib və xatirə fotosu çəkdirilib.

Xəbər lenti